Sentyabrın 27-də “Qərar qəbuletmə”, “Texnologiya”, “Qiymətləndirmə islahatları”, “Regional inkişaf”, “Sinif qiymətləndirməsi” mövzularında sessiyalarda müxtəlif ölkələrdən alimlər, ekspertlər, mütəxəssislər müvafiq sahələr üzrə məruzələr edib, fikir mübadiləsi aparıblar. Sessiyalarda “Daha yaxşı qərarlar qəbul etmək üçün şagirdləri cəlb edən və ruhlandıran PPMR-nin rolu”, “Orta məktəb səviyyəsində xüsusi təhsildə effektiv, birgə tədris və öyrənmə vasitəsi kimi qiymətləndirmənin təşviqi”, “Təhsil keyfiyyətinin qiymətləndirilməsində peşə çatışmazlıqları barədə müəllimlərin fikirlərini araşdırmaq”, “Sinif və özünüqiymətləndirmə üçün onlayn test və digər mövzularda, habelə Azərbaycan, İsrail, Qazaxıstan, İran Qayana və Keniyada təhsil və qiymətləndirmə ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
“Qərar qəbuletmə” sessiyasında Dövlət İmtahan Mərkəzinin sektor müdiri Pərviz Kazımov və aparıcı məsləhətçisi Məhəmməd Adıgözəlov “Fərdi qərarların verilməsi və təlim proqramlarının hazırlanması üçün əlavə məlumatların yaradılması” mövzusunda təqdimat ediblər. Bildirilib ki, təhsilin müxtəlif səviyyələrində, eləcə də dövlət qulluğuna qəbul zamanı fərdlərin bilik və bacarıqları müxtəlif alət və metodlar vasitəsilə qiymətləndirilir. Bu qiymətləndirmə onların öz təhsilləri və karyera planları ilə əlaqədar qərarlar verməsi üçün böyük əhəmiyyət daşıyır. Təqdimatda fərdi qərarvermənin səmərəliliyini artırmaq üçün lazım olan əlavə məlumatın əldə olunması məqsədilə yaradılan və ya yaradılması nəzərdə tutulan diaqnostik alət və metodlardan danışılıb, həmçinin akademik uğura təsir edən sosial psixoloji amillər və tələbələrin qərarvermə mexanizmlərinin müəyyən olunması ilə əlaqədar aparılmış iki elmi araşdırmanın nəticələri paylaşılıb.
“Texnologiya” sessiyasında Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Elşən Mustafayev, Dövlət İmtahan Mərkəzinin əməkdaşları şöbə müdiri Çingiz Xəlilov, sektor müdiri İlqar Mahmudov “Тest imtahanlarının emalı və qiymətləndirilməsi üçün intellektual sistem” mövzusunda təqdimat ediblər. Qeyd olunub ki, imtahan modeli inkişaf etdikcə iştirakçıların cavablarının emalı prosesi də təkmilləşir. Təklif olunan sistem müxtəlif ölçüdə və formada cavab kartlarının sürətli və keyfiyyətli emalına imkan yaradır. Tanıma sürətinin artırılması üçün müasir prosessorların çoxnüvəli imkanlarından istifadə edərək formaların paralel emalından istifadə olunub. Müvafiq sistemin istismarı zamanı həm vaxta, həmçinin skaner avadanlığının resurslarına qənaət edilir.
“Regional inkişaf” sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Sərxan Ağayev “Dövlət qulluğuna qəbul imtahanlarının inkişaf tarixi və gələcəyi” mövzusunda çıxış edib.
Mövzuda dövlət qulluğuna qəbul imtahanlarının inkişafının müqayisəli təhlili əksini tapıb, o cümlədən test imtahanları keçirilməzdən əvvəlki dövrə nəzər salınıb. Həmçinin test imtahanlarının dövlət qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi ilə bərabər, gələcək test imtahanlarındakı yeniliklər barədə də ilkin məlumat verilib. Çıxışın ilk hissəsində dövlət qulluğuna qəbul prosesi test imtahanından əvvəl, sonrakı formaları müqayisəli formada təhlil edilib. Test imtahanı, sualların sayı, forması və qiymətləndirilməsinə diqqət yetirilib. İkinci hissədə test imtahanlarının məzmunu, eləcə də ilkin, müasir və gələcək test imtahanları, yoxlanılan bilik sahələri və məqsədləri barədə məlumat verilib. Üçüncü hissədə isə dövlət qulluğuna qəbul üçün təsdiq olunan vəzifə qrupları və onun gələcək formaları ilə bağlı amillərə nəzər salınıb. Yekun nəticə bunu göstərir ki, dövlət qulluğuna qəbul prosesində test imtahanlarının tətbiqi çox mütərəqqi addımdır. Bu sahədə şəffaflıq təmin olunduğu üçün sahəyə maraq getdikcə artır.
“Sinif qiymətləndirməsi” sessiyasında IAEA-nın prezidenti Rendi Bennet “Ölçmə prinsiplərinin formalaşdırıcı qiymətləndirməyə inteqrasiyası” mövzusunda çıxış edib.
Sessiyada mövzular ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
Daha sonra konfransın bağlanış mərasimi keçirilib. Konfransın reportyoru Dennis Opposs forum haqqında ümumi qeydlərini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransda 55 ölkədən 300 ekspertin, 43 ölkədən 116 məruzəçinin iştirak etdiyini qeyd edib və konfransın qarşısına qoyduğu məqsədlərə çatdığına, bu bir neçə gün ərzində dinlənilən məruzələrin, aparılan fikir mübadilələrinin qiymətləndirmə sahəsində təcrübələrin daha da təkmilləşdiriləcəyinə töhfə verəcəyinə ümidvar olduğunu deyib. Builki konfransın onun iştirakçıları arasında müvafiq sahələrdə yeni əməkdaşlıqlara bir istiqamət də olduğunu bildirib. Məleykə Abbaszadə konfransın əsas məruzəçilərinə, idarə heyətinin üzvlərinə, təşkilat komitəsinə, könüllülərə, sponsorlarına və rəsmi media tərəfdaşı Azərtac Dövlət İnformasiya Agentliyinə xüsusi təşəkkürlərini bildirib.
Daha sonra çıxış edən IAEA-nın nümayəndəsi Yan Uiqers Assosiyasiya adından bağlanış nitqi söyləyib.
Mərasimdə Təhsilin Qİymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 46-cı illik toplantısının 2020-ci ildə Qanada keçiriləcəyi açıqlanıb və bununla bağlı təqdimat edilib.
Xatırladaq ki, "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda sentyabrın 22-dən başlanan konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.