Məruzədə əsas diqqət tələbələrin bilik göstəriciləri və ixtisaslaşmasına yönəldilib. Hər iki məsələ əhəmiyyətli olsa da, tələbənin bir çox sahələrdə müvəffəqiyyət göstəricisini proqnozlaşdırmağa getdikcə maraq daha da artmaqdadır. Bunun səmərəli şəkildə həyata keçirilməsi üçün qərar verən insanlar əvvəlcə şəxsiyyət və şəxsiyyətlərarası bacarıqların qiymətləndirilməsi də daxil olmaqla tələbələrin bilik və bacarıqları ilə bağlı bir çox məlumatlar toplamalıdırlar. Sonra isə düzgün qərarlar vermək üçün həmin məlumatları səmərəli şəkildə təhlil etməlidirlər.
Professor Natan R.Kunsel tələbə müvəffəqiyyəti anlayışını daha da genişləndirmək və şəxsiyyətin digər proqnozlaşdırıcıların ibtidai təhsil pilləsindən ali təhsil pilləsinə qədər bütün mərhələlərdə olan nəticələrlə əlaqəsinə dair tədqiqat proqramı barədə danışıb. Qeyd edib ki, tədqiqat işində qərar verən şəxslərin hər bir tələbənin biliyini qiymətləndirmək üçün istifadə olunan proseslərə nəzər salınıb. Bu tədqiqat işi təklif edir ki, intuitiv qərarvermə və bəzən şəxsi təcrübəni təsvir edən esse və düzgün struktura malik olmayan müsahibələr kimi keyfiyyətsiz xüsusiyyətlərin kombinasiyası yanlış qərarların qəbul edilməsi ilə nəticələnə bilir. Ancaq bu problemləri aradan qaldırmaq mümkündür. Professor çıxışında həm proqnozlaşdırmanın, həm də təhsilin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini bildirib.
Xatırladaq ki, "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda sentyabrın 22-dən başlanan konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.