20-21 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Dövlət Qulluğu üzrə Astana Regional Xab və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dövlət Qulluğu Komissiyasının birgə təşkilatçılığı ilə “21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminar keçirilib.
Tədbirin ilk günü BMT ekspertləri tərəfindən insan resurslarının idarə edilməsi funksiyasının strateji icmalı, dövlət qulluğu subyektlərinin üzləşdiyi müasir problemlər, dövlət qulluğuna qəbul, seçim mərhələləri, tələb olunan bacarıqlar, ikinci gün isə fəaliyyətin qiymətləndirilməsi, karyeranın idarəedilməsi və inkişafı sahəsində səriştələrdən istifadə ilə bağlı qabaqcıl təcrübələr, səriştələrə əsaslanan təlim, informasiya texnologiyalarının və süni intellektin seçim, işə qəbul və karyera idarəçiliyi üzrə müasir təcrübələrə təsiri mövzuları ilə bağlı təqdimatlar edilib, müzakirələr aparılıb.
İştirakçılar bu gün həmçinin DİM-in fəaliyyəti ilə əyani tanış olmaq üçün Mərkəzin inzibati binasına səfər ediblər. Qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar. Ardınca Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı təqdimat keçirilib.
Xatırladaq ki, 2 gün davam edən seminarın əsas məqsədi insan resurslarının idarə edilməsi siyasətində və proseslərində yaxşı təcrübələr haqqında müvafiq bilik və məlumatı paylaşmaq, eyni zamanda Xab iştirakçısı olan ölkələrin dövlət orqanlarının insan resursları üzrə rəhbər şəxsləri arasında insan resurslarının strateji idarə edilməsinə dair müasir təcrübələr barəsində müzakirə aparmaq olub.
Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları, qeyri-hökumət təşkilatlarının sədrləri olmaqla, ümumilikdə 50 nəfər iştirak edib.