7 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən Energetika Nazirliyinin əməkdaşları üçün “İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara əməkdaşlıq, rəqabət və dağıdıcı davranış anlayışları, rəqabətsiz iş mühitinin üstünlükləri və çatışmazlıqları, həmçinin rəqabətə və əməkdaşlığa əsaslanan mükafatlandırma sistemlərinin iş mühitinə təsiri barədə məlumat verilib.
Bununla yanaşı, rəqabətli mühiti formalaşdıran amillər, rəqabətin iş performansına təsiri və sağlam rəqabətin əsas meyarları müzakirə olunub. Qiymətləndirmə prosesinin düzgün təşkili, uğur meyarlarının müəyyənləşdirilməsi, fərdi və ümumi nəticələr arasında tarazlığın qorunması, gündəlik ünsiyyətin davranışlara təsiri və inkişafyönümlü əks-əlaqənin əhəmiyyəti diqqətə çatdırılıb.
İnteraktiv formatda keçirilən təlim çərçivəsində iştirakçılar sağlam rəqabət meyarlarının müəyyənləşdirilməsi və sağlam iş mühitinin formalaşdırılması ilə bağlı praktiki tapşırıqları yerinə yetiriblər. Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.