IAEA-nın konfranslarında bir neçə dəfə iştirak etmişəm. Bakıda isə ikinci dəfədir konfransa qatılıram. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində Bakının təcrübəsi çoxdur. İnanıram ki, IAEA 2019-un nəticələri də təşkili qədər uğurlu olacaq.
Bu fikri IAEA 2019-un “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransının qazaxıstanlı iştirakçısı İsatay Saqindikov deyib. O bildirib ki, konfransda müasir qiymətləndirmə metodları müzakirə edilir, problemlərin həlli yolları axtarılır, fikir mübadiləsi aparılır.
“Mən konfransdan nəticələr də əldə etmişəm. Qazaxıstan, Azərbaycan və Rusiya nümayəndələri sessiyalardan sonra görüşüb müzakirələr apardıq, birgə məqalənin formasını hazırladıq və dərc etməyə qərar verdik. Beynəlxalq səviyyəli konfranslar da məhz bu məqsədlə təşkil olunur”, - deyə İsatay Saqindikov qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.