Yeni tədris ilinin başlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi işğaldan azad olunmuş rayonlarda yerləşən bütün məktəblərə şagird və müəllimlərin istifadəsi üçün 74 adda 350-dən çox kitab təqdim edib.
Dövlət İmtahan Mərkəzi işğaldan azad olunmuş bölgələrdə yerləşən təhsil müəssisələrində mərkəzin nəşrlərinin əlçatanlığını təmin etmək məqsədilə öz elmi-metodiki vəsaitlərinin məktəblərə təqdim olunması layihəsini davam etdirir.
Qeyd olunan layihə çərçivəsində bu gün Şuşa şəhər 1 nömrəli, Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli, həmçinin Laçın rayonu Zabux və Sus kənd tam orta məktəbləri, Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, ibtidai siniflər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.
Xatırladaq ki, layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub və gələcəkdə işğaldan azad olunmuş bölgələrdə yeni istifadəyə verilən məktəblərə də lazımi elmi-metodiki vəsaitlər təqdim olunacaq.
Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər. Qeyd edək ki, bu vəsaitlər ümumtəhsil məktəbləri üçün qüvvədə olan fənlər üzrə tədris proqramları və dərsliklər əsasında hazırlanmış DİM-in qəbul proqramlarına tam uyğundur.
“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərindən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilə, eləcə də həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər. Vəsaitdə hər bir bölməyə aid mövzuların sonunda həmin mövzu üzrə və hər bir bölmənin sonunda ümumiləşdirici tapşırıqlar təqdim edilib. Həmçinin bölmənin sonunda yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlar var. Bu struktur qəbul imtahanına müstəqil hazırlaşanlara orta məktəbdə öyrəndikləri bilik və bacarıqları təkrar etməyə, tapşırıqları yerinə yetirmə bacarıqlarını inkişaf etdirməyə şərait yaradır.
Test toplularına isə DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Bununla yanaşı, tapşırıqların xeyli hissəsi heç bir imtahanda istifadə olunmayan suallardır. Test topluları şagirdlər, abituriyentlər və müəllimlər üçün dəyərli örnəkdir. Eyni zamanda, təlim-tədris prosesində biliyin qiymətləndirilməsində istifadə üçün faydalı vəsaitdir.
Qeyd: Səfərdə media və ictimaiyyət nümayəndələri də iştirak edib.