İmtahana gələn abituriyentlər (subbakalavrlar) özləri ilə şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi ”, “Proqram forması”, musiqi aləti (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.
İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər verilən linkə (https://eservices.dim.gov.az/wpfqab/) keçid edərək qeydiyyatdan keçməlidirlər.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) imtahana buraxılış vərəqəsini DİM-in saytında verilmiş qrafikə uyğun olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə çap etməlidirlər.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.
Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.