Dövlət İmtahan Mərkəzi tərəfindən 29 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Kadrların seçilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər, seçim prosesinin 12 mərhələsi və hər mərhələdəki risklər, vəzifə təhlilində düzgün meyar müəyyənləşdirməyin əhəmiyyəti, kompetensiya, davranış göstəricisi və müsahibə sualı arasındakı əlaqə, strukturlaşdırılmış müsahibə, müsahibə zamanı STAR və probing metodlarının tətbiqi, AI-nin kadr seçimində imkan və riskləri və obyektiv seçim kriteriyalarının tətbiqi barədə ətraflı məlumat verilib.
Təlim yalnız nəzəri hissə ilə kifayətlənməyib, interaktiv formatda davam etdirilib. İştirakçılar real iş mühitinə uyğun hazırlanan praktik tapşırıqları yerinə yetirib, qrup oyunları vasitəsilə komanda daxilində qərarvermə bacarıqlarını nümayiş etdiriblər. Həmçinin, kadr seçimi prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları "case study" (reallığa əsaslanan keys təhlilləri) vasitəsilə mənimsənilib.
Aktiv müzakirə şəraitində keçən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.