Dövlət İmtahan Mərkəzi tərəfindən 17 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.
Təlim zamanı DİM-in Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara liderlik və menecment anlayışları, onlar arasındakı əsas fərqlər, qərar qəbuletmə və məsuliyyət, idarəetmə fəaliyyətində etik və hüquqi çərçivənin nəzərə alınması məsələləri barədə ətraflı məlumatlar verilib. Bundan əlavə, İştirakçılar beş əsas liderlik modeli, onların fərqli idarəetmə situasiyalarında tətbiqi xüsusiyyətləri ilə tanış olub, öz liderlik üslublarını müəyyənləşdirməyə dair praktiki tapşırıqlar yerinə yetiriblər. Həmçinin, tapşırıqların düzgün prioritetləşdirilməsi və vaxtın düzgün idarə olunması, effektiv ünsiyyətin qurulması, konfliktlərin idarə edilməsi və emosional zəka ilə bağlı yanaşmalar nəzərdən keçirilib. Mövzular ətrafında qarşılıqlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.