Dövlət İmtahan Mərkəzi iyunun 1-də magistratura səviyyəsinin 69 və 70-ci proqramlarına aid ixtisaslara qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirib. İmtahan Bakı şəhərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təşkil olunub.
Qeyd edək ki, 69-cu proqramın aktyor sənəti (sahələr üzrə), operator sənəti (sahələr üzrə), rejissorluq (sahələr üzrə) ixtisaslaşmaları üzrə 23 bakalavr qeydiyyatdan keçib. Onlardan 1 nəfər imtahanda iştirak etməyib. Rejissorluq ixtisaslaşması üzrə keçirilən “Eksplikasiya” imtahanında 1 nəfər qayda pozuntusuna yol verdiyi üçün həmin bakalavrın imtahan nəticəsi ləğv edilib.
70-ci proqrama aid təsviri sənət istiqamətinin ixtisaslaşmaları üzrə qeydiyyatdan keçən 74 nəfərdən 63-ü qabiliyyət imtahanlarında iştirak edib. İmtahan nəticələri yaxın 2 gün ərzində müvafiq səhifəyə yükləniləcək.