Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 13 iyun saat 15:00-dan 17 iyun saat 23:59-dək aparılacaq.
Qeydiyyatdan keçən bakalavrlar iyunun 19-dan etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Qabiliyyət imtahanlarının iyun ayının 20-dən sonra keçirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2025-ci il tarixli müvafiq Qərarına əsasən magistraturaya qəbul qaydalarında dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə uyğun olaraq magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla qiymətləndirilir və xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.
Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
–magistraturaya qəbul imtahanında toplanılan bal;
–ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
–ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
–xarici dil üzrə testdən toplanılan bal.
Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə və “Magistr 3” xüsusi buraxılışlarından əldə etmək mümkündür. Jurnalları elektron formada buradan əldə edə bilərsiniz.
Bakalavrlar qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə proqram formasını.
Qeyd: olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.