Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsindən qeydiyyatdan keçmiş namizədlər oktyabr ayının 10-dan etibarən müsahibə mərhələsində iştirak etməlidirlər.
İmtahanda iştirak edəcək şəxslər “Müsahibəyə buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən əldə edə bilərlər.
“Müsahibəyə buraxılış vərəqəsi”ndə müsahibənin keçirildiyi vaxt və yer barədə məlumat göstərilir. Namizəd buraxılış vərəqəsində göstərilən vaxtdan 30 dəqiqə əvvəl müsahibənin keçirildiyi binada olmalıdır.
Namizədin bilik səviyyəsi və bacarıqları müvafiq müsahibə proqramı əsasında balla qiymətləndirilir. Müvafiq keçidlərə daxil olmaqla müəllimlərin işə qəbulunun ümumi qaydaları, müsahibə proqramları ilə ətraflı tanış ola bilərsiniz.
Müəllim vəzifəsi üzrə müsahibədə 32 və daha çox bal toplamış namizəd müvəffəqiyyət qazanmış hesab edilir. Namizədin ümumilikdə müsabiqə üzrə yekun nəticəsi test və müsahibə mərhələlərinin əsasında müəyyən edilir.
Namizəd ərizəsində göstərdiyi məlumatların və təqdim etdiyi sənədlərin doğruluğuna görə məsuliyyət daşıyır. Müsabiqənin istənilən mərhələsində məlumatların düzgün olmadığı, qəsdən təhrif edildiyi, saxta sənəd təqdim olunduğu və ya namizədin tələblərə cavab vermədiyi aşkar edilərsə onun nəticəsi ləğv edilir.
Müsahibənin nəticəsi ilə razı olmayan namizədlər nəticələr elan olunduqdan sonra 3 (üç) iş günü müddətində apellyasiya qaydasında şikayət verə bilərlər.