Amerikalı mütəxəssis Neytn Kar Mərkəzin ekspertləri və müəllim heyəti üçün dilin qiymətləndirilməsində beynəlxalq təcrübə və DİM-in imtahanlarında istifadə olunan ingilis dili fənni üzrə test tapşırıqlarının qiymətləndirilməsinin "Dillər Üzrə Ümumavropa Tövsiyə Çərçivə Sənədi" (CEFR) uyğunlaşdırılması mövzularında intensiv təlimlər həyata keçirir.
Müəllimlər üçün 5, 8 və 11 apreldə keçiriləcək təlimlər Dövlət İmtahan Mərkəzinin ingilis dili fənni üzrə qiymətləndirmə materialları hazırlayan müəllimlərin təcrübəsinin inkişaf etdirilməsi, o cümlədən yerli müəllimlərin qiymətləndirmə bacarıqları (yazı, oxu, dinləmə üzrə) ilə tanışlıq xarakteri daşıyır.
Təlimin ilk günündə ingilis dili mütəxəssisi iştirakçılar üçün CEFR-in teqdimatını aparıb, onun ingilis dili üzrə qiymətləndirmədəki rolunu vurğulayıb. Daha sonra ingilis dilinin müxtəlif səviyyələri üçün nəzərdə tutulmuş sual nümunələri ilə müəllimlər tanış olub. Təlim praktiki xarakter daşıdığından, təlim zamanı müəllimlər mütəxəssisin verdiyi müxtəlif növ tapşırıqları da yerinə yetiriblər. İnteraktiv şəkildə təşkil olunan təlimdə müəllimlər həmçinin, mütəxəssis ilə yerli və beynəlxalq qiymətləndirmə metodlarının müqayisəsini də aparıblar.
Təlimin növbəti günlərində ingilis dili fənni üzrə bacarıqların qiymətləndirilməsi üzrə xüsusi tələblər, ABŞ və Azərbaycan məktəblərində dil bacarıqlarının qiymətləndirilməsi təcrübələri, diaqnostik və formativ qiymətləndirmə kimi mövzulara geniş yer veriləcək.
Qeyd edək ki, “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” layihəsinin 1-ci mərhələsində fərqlənən müəllim iştirakçılar növbəti – 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar aylarında həyata keçiriləcək digər mərhələlərdə iştirak hüququ qazanacaq və tapşırıqların tərtibatında iştirak edəcəklər.