Dövlət İmtahan Mərkəzinin ingilis dilinin qiymətləndirilməsi istiqamətində apardığı fəaliyyətə dəstək göstərmək üçün ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Səfirliyin “English Langauge Specialist (ELS)” proqramının bir hissəsi kimi “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” adlı üç mərhələli ELS layihəsinin II mərhələsində DİM əməkdaşları və ekspertləri, həmçinin Mərkəzlə əməkdaşlıq edən müəllimlər üçün ingilis dili üzrə mütəxəssis Natan Kar tərəfindən aparılan iki həftəlik təlimlər bu gün başa çatmışdır.
Təlimlərdə qrammatika, söz ehtiyatının, oxu, dinləmə, yazı və şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolları və onların yoxlanılmasının CEFR standartlarına uyğunlaşdırılması müzakirə edilmişdir. Bu sahələri ölçən test nümunələri hazırlanmış və hazırlanan nümunələr ekspertiza edilmişdir.
Təlimin proqramına uyğun olaraq, müzakirələr və hazırlanan nümunələr hər gün ingilis dili üzrə müxtəlif bacarıqları əhatə etmişdir.
Qeyd edək ki, Bakı şəhərindəki təlimlər 30 sentyabr-10 oktyabr tarixlərini əhatə etmişdir və 11 oktyabr tarixində DİM-nin Gəncə regional bölməsində Mərkəzlə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün buraxılış və qəbul imtahanlarında ingilis dilinin qiymətləndirilməsinə dair bir günlük təlimin keçirilməsi nəzərdə tutulmuşdur.
Xatırladaq ki, layihənin I mərhələsi 2019-cu ilin 1-12 aprel tarixlərində keçirilmişdir və III mərhələsinin isə 2020-ci ilin yanvar ayında həyata keçirilməsi planlaşdırılır.
Təlimləri keçən ekspert haqqında məlumat: Ph.D Natan Kar “ingilis dili xarici dil kimi” sahəsində (EFL) müəllimlərin peşəkar inkişafı təlimlərini həyata keçirən təhsili qiymətləndirilməsi ilə məşğul olan ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. İngilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı çap olunmuş işlərindən əlavə, ekspert Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvan kimi bir sıra ölkələrin ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlimlər və seminarlar həyata keçirib.