Dövlət İmtahan Mərkəzinin ingilis dilinin qiymətləndirilməsi istiqamətində apardığı fəaliyyətə dəstək göstərmək üçün ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Səfirliyin “English Langauge Specialist (ELS)” proqramının bir hissəsi kimi “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” adlı üç mərhələli ELS layihəsinin ikinci mərhələsi 30 sentyabr – 11 oktyabr tarixlərində həyata keçiriləcəkdir.
Layihə çərçivəsində ingilis dili üzrə mütəxəssis Natan Kar DİM əməkdaşları və ekspertləri, həmçinin Mərkəzlə əməkdaşlıq edən müəllimlər üçün ingilis dili bacarıqlarının qiymətləndirilməsinə dair intensiv təlim keçəcəkdir. Təlimdə qrammatika, söz ehtiyatı, oxu, dinləmə, eləcə də yazı və danışıq bacarıqlarının hər birinin qiymətləndirliməsi üçün nümunə suallar tərtib olunacaq, sualların ekspertizasının aparılma yolları iştirakçılarla müzakirə olunacaqdır.
Bu gün təlimlərə start verilib və təlimin ilk günü söz ehtiyatı və qrammatik biliklərinin qiymətləndirilməsi, xarici dilin bu sahələrinin qiymətləndirilməsinin CEFR-ə (Ümumi Avropa Dil Çərçivəsi standartları) uyğunlaşdırılması ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, təlim zamanı qeyd olunan sahələr üzrə biliklərinin qiymətləndirilməsi üçün nümunə suallar hazırlanıb.
Xatırladaq ki, layihənin birinci mərhələsi 2019-cu il 1-12 aprel tarixlərində keçirilib.
Ekspert haqqında məlumat: Ph.D Nathan T. Carr “ingilis dili xarici dil kimi” sahəsində (EFL) müəllimlərin peşəkar inkişafı təlimlərini həyata keçirən təhsili qiymətləndirilməsi ilə məşğul olan ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. İngilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı çap olunmuş işlərindən əlavə, ekspert Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvan kimi bir sıra ölkələrin ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlimlər və seminarlar həyata keçirib.