ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində DİM tərəfindən həyata keçirilən “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” adlı layihənin II mərhələsinin təlimləri artıq ikinci həftədir ki, davam edir. Qeyd edək ki, cari təlimlər 30 sentyabr-10 oktyabr tarixlərini əhatə edir.
Təlimlər iki hissəli təşkil edilmişdir. I hissədə ekspertlər və DİM ilə əməkdaşlıq edən ingilis dili müəllimləri ilə xarici dil üzrə müxtəlif bacarıqları ölçən test nümunələrinin hazırlanması yolları müzakirə olunur və müvafiq nümunələr hazırlanır. II hissədə isə DİM əməkdaşları və daha təcrübəli ekspertlərlə hazırlanan nümunələrin ekspertizasının aparılması yollarına dair fikir mübadiləsi edilir.
Təlimin proqramına uyğun olaraq, müzakirələr və hazırlanan nümunələr hər gün ingilis dili üzrə müxtəlif bacarıqları əhatə edir.
Təlimin bugünkü mövzusu dinləmə bacarıqlarının ölçülməsi idi və təlim müddətində dinləmə bacarıqlarının ölçülməsinin vacibliyi, qiymətləndirilməsi yolları və bu qiymətləndirilmənin CEFR standartlarına uyğunlaşdırılması müzakirə edilmiş, bu sahəni ölçən test nümunələri hazırlanmış və hazırlanan nümunələr ekspertiza edilmişdir.
Xatırladaq ki, təlimin öncəki günləri qrammatika bilikləri, lüğət ehtiyatı və oxunun qiymətləndirilməsi mövzuları əhatə olunmuşdur, növbəti günlərin məzmunu yazı və şifahi nitqin qiymətləndirilməsi ilə əlaqədar olacaqdır.
Təlimləri keçən ekspert haqqında məlumat: Ph.D Natan Kar “ingilis dili xarici dil kimi” sahəsində (EFL) müəllimlərin peşəkar inkişafı təlimlərini həyata keçirən təhsili qiymətləndirilməsi ilə məşğul olan ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. İngilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı çap olunmuş işlərindən əlavə, ekspert Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvan kimi bir sıra ölkələrin ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlimlər və seminarlar həyata keçirib.