9 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçiriləcək. İmtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunur.
Qabiliyyət imtahanları ilk dəfə olaraq DİM-in “Youtube” kanalında canlı yayımlanacaq. İzləyiciləri kanala (https://www.youtube.com/stateexamcenter) abunə olmağa dəvət edirik. Növbəti qabiliyyət imtahanlarında da canlı yayımların təşkil olunması nəzərdə tutulur.
İmtahanlarda iştirak etmək üçün 108 bakalavr qeydiyyatdan keçib. İmtahanlar saat 9:30-da başlanır növbəli şəkildə 18:00-dək davam edəcək.
Qeyd edək ki, Musiqi sənətinə aid 68-ci proqram üzrə qeydiyyatdan keçmiş bakalavrlar üçün aşağıdakı imtahanlar təşkil olunacaq:
- İnstrumental ifaçılıq (fortepiano, violin, violonçel, gitara, fleyta, klarnet, truba, tuba, qoboy, zərb alətləri üzrə);
- Solooxuma (akademik vokal, milli vokal, xanəndəlik, aşıq sənəti );
- Dirijorluq (xor dirijorluğu, xalq çalğı alətləri orkestrinin dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu);
- Estrada sənəti (vokal və fortepiano, fleyta, tar alətləri üzrə);
- Xalq çalğı alətləri ifaçılığı (tar, kamança , qanun, saz).
İmtahanlar üçün binada 5 otaq ayrılıb. Bütün imtahanlarda şəffaflığın təmin edilməsi üçün videoçəkiliş aparılır. Hər bir ifaçının proqram üzrə ifası videoyazıya alınaraq arxivləşdirilir.