Seminarda Azərbaycan Milli Konservatoriyasının mütəxəssisləri və DİM-in nümayəndələri iştirak ediblər. İclasda 22-ci komissiya (tar, kamança, qanun alətləri) üzrə nəzəriyyə imtahanlarının müəyyənləşdirilməsi, ixtisaslar üzrə təxmini repertuar proqramının zənginləşdirilməsi, bakalavriat və magistratura səviyyələri üzrə qəbul nəticələrinin elmi-statistik təhlilləri və növbəti tədris ili üçün keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib. Müzakirələr nəticəsində instrumental ifaçılıq (22-ci komissiya üzrə) ixtisasına qəbul olmaq istəyən abituriyentlərin 11 illik musiqi təhsili tələbi saxlanılmaqla harmoniya və solfecio fənnindən test imtahanı vermələri məqsədəuyğun hesab edilib. Bu ixtisas üzrə imtahanlara hazırlaşan abituriyentlər digər ixtisaslarda olduğu kimi ixtisas fənnindən imtahan verərək müsbət qiymət aldıqdan sonra nəzəriyyə imtahanında iştirak edə bilərlər. İmtahan proqramı ilə buradan tanış ola bilərsiniz.