Görüşdə Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Qarabağ Universitetinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin, Şəki Regional Kollecinin, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin, Ağdam Musiqi Kollecinin, Naxçıvan Musiqi Kollecinin nümayəndələri, DİM-in əməkdaşları və Regional bölmə nümayəndələri iştirak ediblər.
Görüşdə 2024/2025-ci tədris ili üçün qiymətləndirmə və qəbulun statistikası, 2025/2026-cı tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan yeniliklər, görüləcək işlər barədə müzakirələr aparılıb.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin musiqi sənətinə aid ixtisaslarına qəbul aşağıdakı vahid komissiyalar tərəfindən aparılacaq:
İnstrumental ifaçılıq (alətlər üzrə);
Vokal sənəti (sahələr üzrə);
Aşıq sənəti;
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
Abituriyentlər yaşayış yerinə uyğun regionda təşkil olunacaq qabiliyyət imtahanında iştirak edəcəklər.
Görüşdə həmçinin qabiliyyət imtahanlarının proqramı əsasında nəzərdə tutulmuş əsərlərin siyahısının hazırlanması müzakirə olunub. Əsərlərin tam siyahısı yaradılan işçi qruplar tərəfindən hazırlanaraq ictimaiyyətə açıqlanacaq. Yaxın günlərdə bununla bağlı ətraflı məlumat DİM-in internet saytında veriləcək.