İyulun 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir.
İmtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində elektron formada təşkil olunur.
İmtahanın birinci növbəsi (21, 25, 26, 28, 32, 33, 36-cı komissiyalar üzrə) saat 10:00 başlanıb və 1 saat davam edib. İkinci növbə imtahan isə (20, 24, 27, 29, 30, 69, 73, 75-ci komissiyalar üzrə) saat 14:00-da başlanacaq.
İmtahanlar kompüter vasitəsilə keçirilir. Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 27 və 28 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.