Xatırladaq ki, qeydiyyatdan keçmiş namizədlərin siyahısı DVX tərəfindən test imtahanının keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edilib. Test imtahanda iştirak etmək üçün vətəndaşlar 23 aprel – 7 may 2025-ci il tarixlərində DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün DİM-in internet saytında “Dövlət Vergi xidmətinə (Naxçıvan MR) vakant vəzifələrə işə qəbulla əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad, ata adı, təvəllüd) "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın ali təhsili haqqında məlumatları "Tələbə-məzun" (MyGov.az) dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər.
Test imtahanı 2025-ci il 17 may tarixində DİM tərəfindən kağız daşıyıcılar vasitəsilə Naxçıvan şəhərində keçiriləcək. İmtahanın başlanma vaxtı saat 1100-dır. İmtahanda iştirak etmək üçün namizədlər 11 may 2025-ci il tarixindən etibarən DİM-in saytından eservices.dim.gov.az/brxv internet səhifəsinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap edir və imtahanın keçiriləcəyi ünvan və tarixi qeyd olunan buraxılış vərəqəsini və bakalavr ərizəsində göstərilən şəxsiyyəti təsdiq edən sənədi imtahana gələrkən hökmən özləri ilə gətirirlər.
Namizəd imtahan keçirilən binaya imtahana “İmtahana buraxılış vərəqəsi”ndə qeyd edilən vaxtda gəlməlidir. İmtahana gələrkən namizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni hökmən özü ilə gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya imtahanın başlamasına 15 dəqiqə qalmışdan gec gəldikdə namizəd imtahana buraxılmır.
Test imtahanının sualları hüquqşünaslıq və digər ixtisaslar üzrə 2 kateqoriyaya bölünür:
Hüquqşünaslıq ixtisası üzrə namizədlərə Qanunvericilik üzrə 55 qapalı və 5 açıq tipli, Rəqəmsal məlumatların təhlili üzrə 10 qapalı, Abstrakt və məntiqi düşünmə üzrə 20 qapalı tipli tapşırıq, Azərbaycan Respublikasının yeni tarixi və coğrafiyası üzrə 10 qapalı tipli tapşırıq, ümumilikdə 100 tapşırıq təqdim olunacaq.
Ümumi sahə üzrə namizədlərə Qanunvericilik üzrə 20 qapalı, Rəqəmsal məlumatların təhlili üzrə 15 qapalı və 5 açıq tipli, Abstrakt və məntiqi düşünmə üzrə 40 qapalı tipli tapşırıq, Azərbaycan Respublikasının yeni tarixi və coğrafiyası üzrə 20 qapalı tipli tapşırıq, ümumilikdə 100 tapşırıq təqdim olunacaq.
İmtahanın müddəti 3 saatdır. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Bir test tapşırığına iki və daha artıq cavab verildikdə cavab səhv hesab olunur. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün namizədlər ən azı 70 bal toplamalıdırlar.
İmtahanda istifadə olunmuş test tapşırıqlarının imtahandan sonra keçirilən ekspertizası zamanı hər hansı səbəbdən ləğv olunmuş test tapşırığı müvafiq testdən imtahan vermiş iştirakçıların xeyrinə olaraq onlar tərəfindən düzgün cavablandırılmış tapşırıq kimi qəbul olunur. İmtahanın nəticələri ilə bağlı namizədlər DİM-də fəaliyyət göstərəcək Apellyasiya kommissiyasına 17 – 19 may tarixlərində saat 14-dən 1700-a qədər müraciət edə bilərlər.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri rəsmi internet səhifələrində (www.taxes.gov.az və www.ntaxes.gov.az) yerləşdirilmişdir.
Müsabiqənin test imtahanı mərhələsindən uğurla keçən, həmçinin “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq birbaşa müsahibə mərhələsinə buraxılan namizədlərə müsahibənin keçirildiyi yer və vaxt barədə azı 5 gün əvvəl məlumat veriləcək.
Müsahibə namizədin müvafiq vəzifələrə uyğunluğunu müəyyən etmək üçün Müsabiqə Komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi və Müsabiqə Komissiyasının üzvlərinin müşahidə aparması yolu ilə həyata keçirilir. Müsahibə proqramı əvvəlcədən elan edilmir.
Test imtahanında namizədlərə aşağıdakı məzmunda test tapşırıqları təqdim olunacaqdır:
Hüquqşünaslıq ixtisasına malik olanlar üçün:
Azərbaycan Respublikasının Konstitusiyası;
Azərbaycan Respublikasının Konstitusiya Qanunları, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati-Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu;
Yeni tarix və dünyagörüşü;
Rəqəmsal məlumatların təhlili;
Abstrakt və məntiqi düşünmə.
Digər ixtisaslara malik olanlar üçün:
Azərbaycan Respublikasının Konstitusiyası;
Yeni tarix və dünyagörüşü;
Rəqəmsal məlumatların təhlili;
Abstrakt və məntiqi düşünmə.
QEYD: Vakant yerlərin mütəmadi yenilənməsini nəzərə alaraq müsabiqədə uğur qazanan namizədlər həmin dövr üzrə vakant olan vəzifələr üzrə dəyərləndiriləcək.