Dövlət İmtahan Mərkəzi 3 iyul 2026-cı il tarixində notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün yazılı imtahan (kazus) keçirəcək.
İmtahan 1 kazusun 3 saat ərzində yazılı cavablandırılması şəkilində keçiriləcəkdir. İmtahanda ötən ilin avqust ayında elan edilmiş açıq müsabiqədən uğur qazanmış 14 nəfərin, həmçinin fəaliyyət göstərdiyi yerin dəyişdirilməsi üçün müraciət etmiş 16 notariusun iştirakı nəzərdə tutulur.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat iyunun 22-dən 30-dək aparılıb və bu müddət ərzində 30 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".