Dövlət İmtahan Mərkəzi ölkədaxili sərnişin və yük daşımaları, həmçinin beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün 29 sentyabr 2026-cı il tarixində növbəti imtahan keçirəcək. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 587 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.
İmtahan saat 11:00-da təşkil olunur və 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdirilir.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücülər üçün peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 tapşırıq təqdim olunur. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.
Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücülər, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
İştirakçılar “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.