İyunun 21-də Dövlət İmtahan Mərkəzinin təşəbbüsü və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində xarici dil müəllimləri ilə 2027-ci ildə xarici dil fənləri üzrə tətbiq olunacaq imtahan modeli ilə bağlı maarifləndirici görüş keçirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Xaçmaz Regional bölməsinin müdiri Faiq Nadirsoy iştirakçıları salamlayaraq bu cür görüşlərin müəllimlərin maariflənməsi baxımından əhəmiyyətini vurğulayaraq, xarici dil fənləri üzrə tətbiq edilən yeniliklərin elmi-metodiki baxımdan zəruriliyini və faydalılığını diqqətə çatdırıb.
Görüşdə Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2021-2026-cı illər ərzində xarici dil nəticələrinin statistik göstəricilərini müqayisəli şəkildə təqdim edib. O, xarici dil fənləri üzrə qiymətləndirmə sistemində aparılan dəyişikliklər, yeni imtahan modelinin əsas xüsusiyyətləri, tətbiq edilən yanaşmalar və ölçmə meyarları barədə ətraflı məlumat verib. Bildirilib ki, yenilənmiş imtahan modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, kommunikativ və praktik kontekstdə qiymətləndirməkdir.
Tədbirdə xüsusi olaraq yeni modeldə nəzərdə tutulan yazı tapşırığına diqqət yetirilib və qeyd olunub ki, bu tapşırıq şagirdlərin fikirlərini ardıcıl və məntiqi şəkildə ifadə etmək, mövzuya uyğun mətn qurmaq, lüğət və qrammatik vasitələrdən düzgün istifadə etmək bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə imkan verəcək. Eyni zamanda bu yenilik tədris prosesində yazı bacarıqlarının inkişafına daha sistemli yanaşmanı zəruri edir.
Daha sonra DİM-in fənn kuratorları İlahə Nəbizadə ingilis dili, Murad Muradov alman dili, Fatma Ağayeva fransız dili, Xalidə Babaşova isə rus dili üzrə yeni imtahan modelində nəzərdə tutulan dəyişiklikləri iştirakçılara ətraflı izah edərək, 100 sözdən ibarət yazılı tapşırığın mahiyyətini, qiymətləndirmə meyarlarını və nümunə cavabları iştirakçılara təqdim ediblər.
Seminar zamanı müəllimlərə yazı tapşırığının qiymətləndirilməsi ilə bağlı metodiki tövsiyələr verilib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, yeni imtahan modeli ilə bağlı fikir mübadiləsi aparılıb.