Məlum olduğu kimi, bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə “İnsan anatomiyası”, “Bioloji kimya” adlı elmi-metodik vəsaitlər, eləcə də “Baza fənləri üzrə test toplusu” və “Baza fənləri üzrə test tapşırığı nümunələri və onların izahı” adlı məcmuələr hazırlayıb nəşr etmişdir.
Rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş “Baza fənləri üzrə test toplusu” adlı məcmuə namizədlərin biliklərinin operativ yoxlanılması və qiymətləndirilməsi, testlərlə işləmək vərdişlərinin möhkəmləndirilməsi, mövzuların daha yaxşı mənimsənilməsi işinə kömək məqsədilə hazırlanmışdır. Topluda 1000-ə yaxın test tapşırığı verilmişdir.
“Baza fənləri üzrə test tapşırığı nümunələri və onların izahı” adlı məcmuədə qəbul imtahanlarında namizədlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahı verilmişdir.
Cari ildə Dövlət İmtaham Mərkəzi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı (BMDTU-nun Bakı filialı) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə layihəsi əsasında rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə baza fənləri üzrə elmi-metodik vəsaitlər tərtib edilmişdir. Bu silsilədən olan “Биологическая химия”, “Патологическая физиология” və “Гистология (цитология, эмбриология, общая и частная гистология)” adlı vəsaitlər artıq nəşr edilmişdir. “Нормальная физиология”, “Анатомия человека” və “Patoloji fiziologiya” adlı vəsaitlərin isə yaxın günlərdə nəşri nəzərdə tutulur.
Vəsaitlər tərtib edilərkən son illərdə əldə edilmiş elmi yeniliklər nəzərə alınmışdır. Həm yerli, həm də xarici mütəxəssislərin müsbət rəyinə layiq görülmüş bu vəsaitlər ATU-nun müvafiq fənlər üzrə tədris proqramları və DİM-in rezidenturaya qəbul imtahanı proqramları əsasında hazırlanmışdır. Ümidvarıq ki, bu nəşrlər namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmasına kömək edəcəkdir.
Vəsaitlər rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan, həmçinin tibb təhsili müəssisələrinin tələbələri, eləcə də baza fənlərini tədris edən müəllimlər də istifadə edə bilərlər.
Hörmətli oxucular!
Təqdim edilən nəşrlər baza fənləri üzrə biliyin qiymətləndirilməsi işinə bir töhfədir. Nəşrlərə diqqətlə yanaşmağınızı və sizə təqdim olunan materiallarla bağlı rəy və təkliflərinizi DİM-in rezidentura üzrə sektoruna (ünvan: A. Salamzadə küç., 28, keçmiş Bakı Asiya Universitetinin binası) bildirməyinizi xahiş edirik.
Bütün iradlarınıza, arzu və təkliflərinizə görə Sizə əvvəlcədən təşəkkürümüzü bildiririk!
Nəşrləri aşağıdakı ünvanlarda yerləşən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
- DİM-in Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasındakı (Bakı Asiya Universitetinin binası) “Abituriyent” satış köşkü;
- Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusunda yerləşən kitab köşkü.