İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 894 namizəddən 5 nəfər imtahana gəlməyib. Namizədlərdən 666 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.
Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 6 avqust saat 10:00-dan 7 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.