Dövlət İmtahan Mərkəzi 2018-ci il 24-25 yanvar tarixlərində Salyan şəhəri Uşaq Texniki Yaradıcılıq Mərkəzində Azərbaycan dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edib.
Hazırlıq kursunda elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər iştirak ediblər. İştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim edilib. Onlar kalibrləmə prosesində iştirak ediblər.
Kursu müvəffəqiyyətlə başa vurmuş müəllimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış seminar iştirakçıları müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.