ADA Universitetinin ixtisaslarının müsabiqəsində beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, o cümlədən xarici dil üzrə IELTS Academic, TOEFL iBT, PTE və ya Duolingo English Test imtahanlarından biri üzrə müvafiq nəticəsi olan abituriyentlər də buraxılır. IELTS Academic üzrə minimum bal tələbi 6.0, TOEFL iBT üzrə 75, PTE üzrə 50, Duolingo English Test imtahanı üzrə isə 95 baldır.
Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik və elektronika mühəndisliyi və Riyaziyyat ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.
Qeyd olunan şərtləri ödəyən və ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizəsi olan abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada qeydiyyatdan keçirlər:
- Verilən linkdə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=127 ) şəxsi kabinetin istifadəçi adı və parolunu müvafiq sahələrə yazıb sistemə daxil olmaq lazımdır. Daha sonra SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) yükləmək tələb olunur.
- SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərirlər;
- İyunun 15-dək ADA Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və ADA Universitetinə elektron şəkildə göndərirlər.
ADA Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.
Qeyd: ADA Universitetinin Hüquqşünaslıq ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.