Dövlət İmtahan Mərkəzi tərəfindən 2 oktyabr 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı müsabiqənin test imtahanı keçiriləcək.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2026-cı il sentyabrın 18-dən 27-dək aparılıb və bu müddət ərzində 137 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 3 saatdır.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Test imtahan mərhələsində namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Test tapşırıqlarına müvəffəqiyyətlə cavab vermək üçün namizədlərə test proqramları ilə tanış olmağı tövsiyə edirik. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim olunur. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən azı 80, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 70 bal toplamalıdırlar.