Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 11 aprel 2019-ci il tarixli 28 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də Sumqayıt Dövlət Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərinin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan SDU-nun Humanitar məsələlər üzrə prorektoru Ramiz Hüseynov ölkəmizdə aparılan gənclər siyasətindən bəhs edib. Prorektor çıxışında qeyd edib ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etmək üçün ciddi şəkildə çalışmaqdır. Prorektor belə tədbirlərin keçirilməsinin tələbələrin gələcək karyeralarında inkişafı üçün bir stimul olacağını diqqətə çatdırıb.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilib. Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Tural Əlizadə “Azərbaycanda dövlət qulluğuna qəbul sistemi: cari vəziyyət, çağırışlar və hədəflər” mövzusunda çıxış edərək dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında, karyerada inkişaf və s. barədə məlumat verib. DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə isə dim.gov.az saytı vasitəsilə Mərkəzin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətləri – test imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi, qəbul imtahanı proqramları, sertifikatların verilməsi, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibədələrdə iştirak və digər məsələləri əyani şəkildə nümayiş etdirib.
Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.