Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyul 2026-cı il tarixində taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücüləri, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar keçirilib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1376 namizəd qeydiyyatdan keçib. Onlardan 1301 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 979 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında isə 95 namizəd iştirak edib və 42 nəfər müvəffəqiyyət qazanıb.
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün imtahanda 7 namizəd iştirak edib və 3 nəfər müvəffəqiyyət qazanıb.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi imtahanında 153 namizəd iştirak edib və 120 nəfər müvəffəqiyyət qazanıb.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi imtahanında isə 178 namizəd iştirak edib və 123 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 15 və 16 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.