“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçirlər. Eyni zamanda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair, eləcə də taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair təsdiq olunmuş proqramlar üzrə xüsusi hazırlıq keçirlər.
Hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə tədrisin nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, müvafiq sənədlərin verilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.
2026-cı ilin iyulun 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün imtahan keçiriləcək. Həmin gün beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahan təşkil olunacaq. Bundan əlavə, qeyd olunan tarixdə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlıq üzrə test imtahanı və ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlıq üzrə test imtahanı da keçiriləcək.
İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalıdırlar. İmtahan iştirakçıları 12 iyun saat 16:00-dan 2 iyul saat 12:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:
1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/SurucuTest
2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest
3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/AvtOperTest
4. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlıq üzrə test imtahanında iştirak üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/odstest
5. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlıq üzrə test imtahanında iştirak üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/odytest
“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) təşkil olunacaq. Taksi sürücüləri üçün imtahan həmçinin DİM-in Gəncə, Bərdə və Naxçıvan Regional bölmələrində, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanı həmçinin DİM-in Naxçıvan Regional bölməsində də kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.