2026-cı ilin noyabrın 3-də ölkədaxili sərnişin və yük daşımaları həyata keçirən sürücülərin, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin, həmçinin yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar keçiriləcək.
İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalıdırlar. İmtahan iştirakçıları 30 sentyabr saat 16:00-dan 19 oktyabr saat 23:59-dək "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" platformasına daxil olaraq müvafiq xidməti seçməklə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları elektron formada təşkil olunacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə əldə edə biləcəklər.