Dövlət İmtahan Mərkəzi tərəfindən 24 yanvar 2025-ci il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda növbəti test imtahanı keçirilib.
İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1513 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1437 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1250 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında isə 43 namizəd iştirak edib və 10 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 27- 28 yanvar tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.