Dövlət İmtahan Mərkəzi tərəfindən 27 fevral 2026-cı il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün növbəti test imtahanı keçirilib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1631 namizəd qeydiyyatdan keçib. Onlardan 1532 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1096 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında isə 44 namizəd iştirak edib və 30 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 2 və 3 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.