IAEA 2019-un Bakıda keçirilməsi təqdirəlayiqdir. Konfransda 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Bu, Azərbaycanın beynəlxalq müstəvidə tanınmasında müsbət rol oynayır.
Bu fikri IAEA-nın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransının iştirakçısı Ülkər Həsənova deyib. O bildirib ki, konfransın Azərbaycanda təşkili yerli mütəxəssislərimizin iştirakı və onların xarici həmkarları ilə fikir mübadiləsi baxımından əhəmiyyətlidir.
“Sessiyada “İnsanın yaradıcı potensialının formalaşdırılmasına dair eksperimental araşdırma” mövzusunda təqdimatla çıxış etdim. Təqdimatımızda tələbələr arasında aktiv yaradıcı yanaşmaların inkişafı üçün təkliflər irəli sürülürdü. Çıxış maraqla qarşılandı, fikir mübadiləsi apardıq, sualları cavablandırdıq. İnanıram ki, konfrans qiymətləndirmədə dünya təcrübəsi ilə tanışlıq və Azərbaycan təcrübəsini dünyaya çatdırmaq baxımından faydalı olacaq”, - deyə Ülkər Həsənova qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.