Əziz şagirdlər, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil fənləri üzrə imtahan modelində tətbiq edilən şəkil əsasında hekayə qurmaq tapşırığı ilə bağlı tədqiqat aparılır. Tədqiqatın bir hissəsi kimi qeyd olunan tapşırıqla bağlı 9-cu sinif buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin fikirlərini öyrənmək üçün sorğu keçirilir.
Sorğuda iştirak könüllüdür. İştirakçılar tərəfindən təqdim olunan bütün məlumatların anonimliyi və məxfiliyi tam şəkildə qorunur. Toplanan məlumatlardan yalnız elmi tədqiqat məqsədləri üçün istifadə olunacaq və fərdi məlumatlar paylaşılmayacaq.
Sorğuda iştirak etmək üçün link:
Qeyd edək ki, müasir dövrdə dillərin qiymətləndirilməsi ilə bağlı yanaşmalarda ünsiyyət bacarıqlarının və yaradıcı düşüncənin ön plana çıxması ilə əlaqədar olaraq, bir çox beynəlxalq imtahan sistemlərində şəkil və vizual materiallar əsasında qurulan yazı tapşırıqlarından istifadə olunur. Bu baxımdan, tədqiqat çərçivəsində şagirdlərin şəkil əsaslı hekayə qurmaq tapşırığını necə qəbul etdikləri, tapşırığın onların fikir formalaşdırmasına, ideya qurmasına və yazılı nitq bacarıqlarını nümayiş etdirməsinə nə dərəcədə kömək etdiyi öyrənilir.
Tədqiqatın nəticələrinin gələcəkdə xarici dil imtahanlarının təkmilləşdirilməsi, yazı tapşırıqlarının hazırlanması və qiymətləndirmə meyarlarının inkişaf etdirilməsi baxımından faydalı olacağı gözlənilir.