Dünyanın müxtəlif ölkələrindən gələn tədqiqatçılarla fikir mübadiləsi aparmaq, tətbiq olunan qiymətləndirmə sisteminin müsbət cəhətlərini təkmilləşdirmək, zəif tərəflərini inkişaf etdirmək üçün belə konfransların keçirilməsi təqdirəlayiqdir.
Bu fikri IAEA-nın 45-ci illik konfransında iştirak edən Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktor müavini Xədicə Cəfərova deyib.
O bildirib ki, yerli mütəxəssislərimizin iştirakı baxımından Azərbaycanın konfransa ev sahibliyi etməsi sevindirici haldır.
“Konfransda sinifdaxili qiymətləndirmə haqqında məruzə etdim. Summativ qiymətləndirmədən istifadə etməklə müəllim tədris praktikasını, şagirdlərin öyrənmə bacarıqlarını necə yaxşılaşdıra bilər? Təqdimatımda buna cavab tapmağa çalışdım. Məruzəmdən sonra fikir mübadiləsi aparıldı, sualları cavablandırdım. Ümid edirəm ki, müzakirə etdiyimiz məsələlərin müsbət həlli üçün uğurlu ideya və təkliflər əldə edəcəyik”, - deyə Xədicə Cəfərova qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.