Onlayn iclasda qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Dövlət Universitetinin, AMK nəzdində Musiqi kollecinin, ADMİU nəzdində Bakı Humanitar kollecinin, Sumqayıt Musiqi kollecinin, Şuşa Humanitar kollecinin professor-müəllim heyətini təmsil edən nümayəndələri iştirak etmişlər.
İşçi qrupun iclasında 2021-2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə orta ixtisas təhsili və bakalavriat səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtləri müzakirə edilmiş və qabiliyyət imtahanlarının müəyyən komissiyalar üzrə təyin olunmuş fənlərin sayı ilə bağlı fikirlər səsləndirilmişdir.
Görüşdə əvvəlcə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri haqqında məlumat verilmiş, daha sonra pandemiya şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq Bəstəkarlıq və Musiqişünaslıq komissiyaları istisna olmaqla ali və orta ixtisas təhsili müəssisələrinin bütün musiqi istiqamətli komissiyalarında bir imtahanın keçirilməsi müzakirə edilmişdir. Həmçinin abituriyentlərin və təhsil müəssisələrinin təklifi əsasında musiqi müəllimliyi ixtisasına qəbulda qabiliyyət imtahanının keçirilməsinin vacib olduğu səsləndirilmişdir. Bəzi Qabiliyyət İmtahanı Komissiyalarının yekun qiymətlərinin digər komissiyalara şamil olunması məsələləri də müzakirə olunmuşdur.
İclasın sonunda müəssisələrin təmsilçilərinə DİM tərəfindən yaradılmış Qabiliyyət İnformasiya Sistemi (QABİS) ilə bağlı məlumat verilmiş və musiqi istiqaməti üzrə ekspertlərin məlumatlarının daxil olunmasının sürətləndirilməsi tövsiyə olunmuşdur.
Müzakirələr yekunlaşdıqdan sonra növbəti tədris ili üçün qəbul olunacaq qaydalar və proqramlar haqqında geniş məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci və 2-ci saylarında çap ediləcək. Bu jurnalda qabiliyyət imtahanı üzrə proqramlar, qiymətləndirmə meyarları, metodiki tövsiyələr abituriyentlərə təqdim ediləcək.