Konfransda xarici mütəxəssislərlə tanış oldum. Beynəlxalq konfransların maraqlı tərəfi ondan ibarətdir ki, burada konfransın mövzusu ilə bağlı müxtəlif təcrübələrlə tanış oluruq, fikir mübadiləsi aparırıq.
Bu fikri IAEA-nın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransının iştirakçısı, ADA Universitetinin müəllimi Yaqub Əliyev deyib.
O bildirib ki, ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada formalaşan müsbət imicindən xəbər verir.
“Konfransın ölkəmizdə keçirilməsinin üstünlükləri çoxdur. İlk olaraq onu deyim ki, konfrans başqa bir ölkədə keçirilsəydi, Azərbaycandan indiki qədər nümayəndə iştirak edə bilməyəcəkdi. Digər tərəfdən konfransda 300-dən çox xarici nümayəndə iştirak edir. Dünyada “konfrans turizmi” təcrübəsi var ki, konfransın mövzusundan asılı olmayaraq əsas məqsəd iştirakçıları ölkəyə cəlb etmək olur. Bu konfrans da müəyyən mənada Azərbaycanın dünyada tanınmasında müsbət rol oynayacaq”, - deyə Yaqub Əliyev qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.