Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə qəbul imtahanları keçirib.
Dövlət qulluğuna qəbul imtahanı
Bu imtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 796 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 48 nəfər, BB3 altqrupu üzrə 83 nəfər, BB4 altqrupu üzrə 116 nəfər olmaqla, ümumilikdə 265 namizəd uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.
İmtahanda 119 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 4 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 9 nəfər, BA4 altqrupu üzrə 9 nəfər, BB1 altqrupu üzrə 22 nəfər, BB2 altqrupu üzrə 20 nəfər, BB3 altqrupu üzrə 7 nəfər, BB4 altqrupu üzrə 11 nəfər olmaqla, ümumilikdə 97 namizəd uğur qazanıb.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17-19 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.