Yanvarın 23-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanları keçirib.
İmtahanlar kompüter vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda ümumilikdə 1225 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 12 nəfər, AC2 altqrupu üzrə 22 nəfər, AC3 altqrupu üzrə 28 nəfər, AC4 altqrupu üzrə 52 nəfər, BA1 altqrupu üzrə 7 nəfər, BA2 altqrupu üzrə 5 nəfər, BA3 altqrupu üzrə 13 nəfər, BA4 altqrupu üzrə 25 nəfər, BB1 altqrupu üzrə 14 nəfər, BB2 altqrupu üzrə 25 nəfər, BB3 altqrupu üzrə 61 nəfər, BB4 altqrupu üzrə 97 nəfər olmaqla, ümumilikdə 363 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün yanvarın 24-dən fevralın 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 24, 27 və 28 yanvar tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.