Martın 15-də Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirib.
İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
İmtahanda ümumilikdə 1601 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1 nəfər, AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 8 nəfər, AC2 altqrupu üzrə 21 nəfər, AC3 altqrupu üzrə 32 nəfər, AC4 altqrupu üzrə 80 nəfər, BA2 altqrupu üzrə 4 nəfər, BA3 altqrupu üzrə 4 nəfər, BA4 altqrupu üzrə 16 nəfər, BB1 altqrupu üzrə 13 nəfər, BB2 altqrupu üzrə 25 nəfər, BB3 altqrupu üzrə 61 nəfər, BB4 altqrupu üzrə 97 nəfər olmaqla, ümumilikdə 363 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 16-dan aprelin 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16, 17 və 18 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.