İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər üçün qeydiyyat mərhələsi 15 sentyabr - 6 oktyabr 2025-ci il tarixlərində aparılıb və bu müddətdə 2935 nəfər prosesdə iştirak etmək üçün müraciət edib.
Namizəd elektron müraciət etdikdən sonra ilk olaraq təqdim olunan sənədlərin tələblərə uyğunluğu yoxlanılıb və 2236 namizədin müraciəti təsdiq edilərək müsahibəyə dəvət edilib.
Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılıb. Müsahibə üçün qeydiyyatdan keçmiş 2000 namizəddən 1585 nəfər uğurlu nəticə əldə edərək növbəti mərhələdə - ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanında iştirak hüququ qazanıb.
İlkin test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunub. İlkin test imtahanı üçün qeydiyyatdan keçmiş 1491 namizəddən ümumi intellektual səviyyəni yoxlayan testlər bloku üzrə nəticəsi ən az 40% və situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə nəticəsi ən az 50% olan 1180 nəfər növbəti mərhələyə keçib və iki günlük təlimlərə cəlb edilib.
Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, koqnitiv təhriflər (ilkin təəssüratın imtahan gedişatına təsiri və s.), imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir. Bu təlimdə 1155 namizəd iştirak edib.
“İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” adlanan ikinci təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi prosesi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və proses praktiki cəhətdən izah edilir. Bu təlimdə 1154 namizəd iştirak edib.
Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün yekun test imtahanına cəlb ediliblər. İmtahanda namizədlərə 30 test tapşırığı təqdim olunur. Yekun test imtahanında 1149 namizəd iştirak edib. Yekun test imtahanından ən azı 60% nəticə göstərən 1133 nəfərin nəticəsi məqbul hesab edilib.
Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellektual səviyyəni yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanından topladığı balın 60%-i toplanır. Yekunda 60% və daha çox nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:
- 90% və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;
- 60%-90% intervalında nəticə göstərdikdə - B kateqoriyası;
Ümumi nəticəsi 60% və daha yüksək olan 1063 namizəddən 4 nəfər A və 1059 nəfər B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilib. Bu nəzarətçilər onlarla xidməti müqavilə bağlandıqdan sonra mart ayından etibarən imtahanlara cəlb ediləcəklər.
Məlumat üçün qeyd edək ki, zal nəzarətçilərinin sertifikatlaşıdırılması prosesində iştirak edən Vətən Müharibəsi iştirakçılarından 27 nəfər uğur qazanaraq DİM-in elektron nəzarətçilər bazasına daxil edilib.
Nəzərinizə çatdırırıq ki, 2019-cu ildən başlayan bu proses nəticəsində 6959 nəfər zal nəzarətçisi sertifikatı əldə edib.
Əlavə olaraq bildiririk ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün növbəti qeydiyyatın cari ilin sentyabr ayından etibarən yenidən başlanılması nəzərdə tutulur.