Sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), məhkumluğu olmayan, yaşı 25-45 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyat avqust ayından etibarən başlanılıb və bu müddət ərzində 708 nəfər öz ərizəsini təsdiq edib.
Hazırda qeydiyyatdan keçmiş şəxslər müsahibə və test imtahanı mərhələsinə dəvət olunurlar.
Müsahibələr DİM-in inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1M) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır. Müsahibə zamanı namizədin ümumi dünyagörüşü, nitqi, stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir.
Müsahibədən uğurlu nəticə əldə edən namizədlər psixometrik və ümumi intellekt səviyyəsini yoxlayan test imtahanlarına dəvət edilirlər.
Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan kompüter vasitəsilə 1 saat müddətində aparılır və namizədlər imtahandan dərhal sonra imtahan nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümümiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.
Psixometrik test imtahanında isə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
İmtahanda minimum 40% nəticə göstərən və psixometrik testlərinin nəticəsi məqbul olan namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq ikigünlük təlimə cəlb olunacaqlar. Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir və zal nəzarətçisi sertifikatı alırlar. Zal nəzarətçisi sertifikatı əldə etmiş namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması ilə bağlı suallarınız yaranarsa, Mərkəzin M.Müşfiq küçəsi, 1M ünvanında yerləşən binasına (Telefon : 012 502-68-81 və ya 1653 ) və ya regional bölmə mərkəzlərinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları