Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan kompüter vasitəsilə 1 saat müddətində elektron qaydada aparılır və namizədlər imtahandan dərhal sonra imtahan nəticələri ilə tanış olurlar.
Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümümiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.
Psixometrik test imtahanında isə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40% nəticə göstərən və psixometrik testlərinin nəticəsi məqbul olan namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq təlimə cəlb olunacaqlar. Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir və zal nəzarətçisi sertifikatı alırlar. Zal nəzarətçisi sertifikatı əldə etmiş namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.
Qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyat avqust ayından etibarən başlanılıb və bu müddət ərzində 561 nəfər öz ərizəsini təsdiq edib. Namizədlər ilkin mərhələdə müsahibəyə dəvət olunublar. Müsahibələr DİM-in məsul əməkdaşları tərəfindən onlayn formada aparılıb. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər psixometrik və ümumi intellekt səviyyəsini yoxlayan test imtahanlarına dəvət edilirlər.
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması ilə bağlı suallarınız yaranarsa, Mərkəzin M.Müşfiq küçəsi, 1M ünvanında yerləşən binasına (Telefon : 012 502-68-81 və ya 1653 ) və ya regional bölmə mərkəzlərinə müraciət edə bilərsiniz.