Məlumat üçün qeyd edək ki, elektron qeydiyyat 5 oktyabr 2026-cı il tarixində sona çatıb. 4506 nəfər öz müraciətini təsdiq edib, Yoxlamalardan sonra 3106 nəfər müsahibə mərhələsinə buraxılıb. 1400 nəfər tələblərə cavab vermədiyi və ya anket məlumatlarında çatışmazlıq olduğu üçün növbəti mərhələyə buraxılmayıb.
Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellekt səviyyəsini və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.
Müsahibə mərhələsi üçün indiyə qədər vaxt seçimi edən 1716 namizəddən 1254 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 143 nəfər qeyri-məqbul qiymətləndirilib, 319 nəfər isə bu mərhələdə iştirak etməyib.
Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Bərdə, Gəncə, Şəki, Şirvan, Şəmkir və Naxçıvan Regional Bölmələri üzrə müsahibə mərhələsi yekunlaşıb. Bakı, Sumqayıt, Abşeron rayonunda 27 noyabr, Dövlət İmtahan Mərkəzinin Lənkəran və Xaçmaz Regional Bölmələri üzrə 6 noyabr, Göyçay Regional Bölməsi üzrə 5 noyabr tarixlərində müsahibə mərhələsi yekunlaşacaq.
Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellekt səviyyəsini və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanına qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd şəxsi kabinetinə ilkin test imtahanı üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq ilkin test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçir.
İlkin test imtahanı kompüter vasitəsilə keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə 45 dəqiqə vaxt ayrılır. İmtahan fasilə verilmədən aparılır. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə nəticəsi ən az 40% və situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə nəticəsi ən az 50% olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.
Qeyd edək ki, göstərilən tarixlərə qədər müsahibədən keçən namizədlər üçün ilkin test imtahanının Bakı, Sumqayıt və Abşeron rayonunda 15 noyabr, Dövlət İmtahan Mərkəzinin Şirvan və Göyçay Regional Bölmələri üzrə 11-13 noyabr, Şəmkir Regional Bölməsi üzrə 11-12 noyabr, Bərdə Regional Bölməsi üzrə 12-13 noyabr, Gəncə və Naxçıvan Regional Bölmələri üzrə 13 noyabr, Mingəçevir şəhərində 20 noyabr, Lənkəran, Şəki, Xaçmaz Regonal Bölmələri üzrə 18-20 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.
Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az poçt ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.