Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya (IAEA) 1977-ci il aprelində ABŞ-ın Nyu Cersi ştatının Prinston şəhərində keçirilən beynəlxalq konfransda yaradılmışdır. Həmin ildən etibarən, təhsilin qiymətləndirməsi sahəsində problemlər və həll yollarının bölüşdürülməsi məqsədilə 50-dən çox ölkədən olan nümayəndələr hər il təşkil olunan konfranslarda bir araya gətirilir.
Dövlət İmtahan Mərkəzi (DİM) biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və s. məsələlər üzrə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyası ilə sıx əməkdaşlıq edir və təşkilatın daimi üzvüdür.
DİM hər il geniş nümayəndə heyəti ilə IAEA-nin illik konfranslarında iştirak etməklə yerli innovativ addımlarını və əldə olunmuş uğurlu layihələrini beynəlxalq ictimaiyyətə təqdim edir.
Dövlət İmtahan Mərkəzi IAEA ilə əməkdaşlıq çərçivəsində təşkilatın illik konfransının Azərbaycanda təşkil olunması üçün müraciət etmiş və IAEA-nın 45-ci İllik konfransının 2019‑cu ilin 22-27 sentyabr tarixlərində Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir.
Bakıda keçiriləcək Konfransın əsas mövzusu "Qiymətləndirmə və qərar qəbul etmə: fərdi və institusional həll yolları" olmaqla əsasən aşağıdakı mövzuları əhatə edəcəkdir:
• Qərarların qəbul edilməsində qiymətləndirmənin tətbiqi (tələbə qəbulu, kadr seçimi və s.);
• Qərarların verilməsində qiymətləndirmənin etibarlılığı və validliyi;
• Tələbə qəbulu və kadr seçimi siyasətində mövcud olan çətinliklər və imkanlar;
• Elmi araşdırmalar əsasında proqnozların verilməsi təcrübəsi;
• Tələbə qəbulu və kadr seçimi sahəsində qiymətləndirmə alətlərinin gələcəyi;
• Qiymətləndirmə nəticələri və qərar qəbuletmə məsuliyyəti;
• Elektron qiymətləndirmə və mütərəqqi texnologiya əsaslı platformalar;
• Qiymətləndirmə və qərar qəbuletmə prosesində obyektivliyik prinsipi.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının da təşkilatçısı olmuş, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.