Ölçme, Seçme ve Yerleştirme Merkezibaşkanlığı (ÖSYM)
Qiymətləndirmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) Türkiyədə universitetə qəbul imtahanı Tələbə Seçmə və Yerləşdirmə Sisteminin və bir sıra digər geniş miqyaslı imtahanların təşkilindən məsul orqandır. ÖSYM həmçinin dünyada dövlət tərəfindən idarə olunan yeganə və böyük miqyaslı (eyni vaxtda 5600 nəfər) kompüter əsaslı test mərkəzini idarə edir. Qurum ilk dəfə 1974-cü ildə Universitetlərarası Şura tərəfindən “Universitetlərarası Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÜSYM)” adı ilə yaradılmışdır. 1981-ci ildə Ali Təhsil Şurasına (YÖK) bağlanmış və adı dəyişdirilərək "Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM)" olmuşdur. 2011-ci ildə isə adı Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzibaşqanlığı olaraq dəyişdirilmişdir.
29 sentyabr 2021-ci il tarixində DİM-in beynəlxalq tərəfdaşı Yunus Əmrə İnstitutunun vasitəçiliyi ilə DİM və ÖSYM-in rəhbər şəxsləri arasında görüş keçirilmişdir. Bu görüş ÖSYM və DİM arasındakı əməkdaşlığın əsasını qoymuşdur. Görüşdə qurumlar arasında təcrübə mübadiləsinin aparılması, ölçmə və qiymətləndirmə sahəsində tətbiq edilən yeni metod və yanaşmalar, qarşılıqlı səfərlərin təşkili, türk dövlətlərinin yoxlama-ölçmə təşkilatlarının elmi konfranslarının keçirilməsi və s. məsələlər müzakirə edilmişdir. Bu xüsusda müzakirə edilən qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı işlər davam etdirilir.