1 – 2 iyul 2024-cü il tarixlərində ADA Universiteti, Elm və Təhsil Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində "Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər" adlı VII Beynəlxalq Təhsil Konfrans keçirilir.
Konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal çıxış edərək qonaqları salamlayıblar.
Konfransın ilk günündə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təhsil sistemində uyğunsuzluqların aradan qaldırılması – retrospektiv və perspektiv baxış” adlı təqdimatla əsas məruzəçi qismində çıxış edib.
M.Abbaszadə əvvəlcə müstəqilliyimizi bərpa etdikdən qısa müddət sonra ali təhsil müəssisələrinə qəbul zamanı test imtahanlarının tətbiqi, yaranan çətinliklər, fənlər üzrə elmi-metodiki seminarların təşkili, test bankı və imtahanın məzmununun formalaşdırılması, İKT texnologiyalarının kütləvi proseslərə tətbiqi kimi önəmli məqamlara toxunub. Eyni zamanda, o, 2008 – 2009-cu illərdə ilk dəfə məktəblərdə milli kurikulumun tətbiqi, monitorinq imtahanlarının keçirilməsi və nəticə etibarilə 2017-ci ildən başlayaraq buraxılış imtahanlarında yeni növ tapşırıqların istifadəsi haqqında məlumat verib. “Biz 30 il ərzində insanlar arasında ali təhsil müəssisələrinə qəbul olmaq üçün yalnız öz bilik və bacarıqlarına güvənmək hissini yarada bilmişik. Bu gün hər bir məqsədyönlü gənc sosial statusundan asılı olmayaraq uğur əldə edə biləcəyinə əmindir”- deyə sədr vurğulayıb.
Çıxışının davamında M.Abbaszadə texnoloji, iqlim, sosial və digər transformasiyalar dövründə şagirdlərin hansı əsas bacarıqlara nail olmağı ilə bağlı qeyd edib ki, bütün məktəblərin qarşısında şüurlu, müstəqil və yaradıcı öyrənmə bacarığı kimi kompetensiyalara malik kadrların yetişdirilməsi hədəfi dayanmalıdır. Bu həm fərdi uğurun, həm ictimai rifahın, həm də dünyada sürətlə baş verən və gözlənilməyən dəyişikliklər dövründə ilkin zəruri şərtlərdən biridir.
Qeyd edək ki, konfransda əhatəli panel müzakirələri, tədqiqat nəticələrinin təqdimatı, həmçinin təhsildə yaranan fikir ayrılıqlarına toxunan, eləcə də bütün tələbələrin bərabərliyi, rifahını təşviq etmək potensialına malik siyasət və təcrübələrə əsaslanan sessiyalara yer verilib.
DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov da “Tədrisin təşkilində müxtəlifliklər (kənd və şəhər, dövlət və özəl, tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili)” panel müzakirəsində “Məktəblərimiz buraxılış imtahanlarının nəticələri perspektivində” adlı təqdimatla çıxış edib.